Azərbaycan nümayəndələri Avropa hüququ və iqtisadiyyatı üzrə kurs keçirlər » Insan Hüquqları üzrə İctmai Şura

Azərbaycan nümayəndələri Avropa hüququ və iqtisadiyyatı üzrə kurs keçirlər

Azərbaycan nümayəndələri Avropa hüququ və iqtisadiyyatı üzrə kurs keçirlər

Mayın 22-də Riqa Ali Hüquq Məktəbində Avropa hüququ və iqtisadiyyatı üzrə dərinləşdirilmiş proqramın yaz semestrinin açılışı olub.

 

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının üzvü olan, habelə Mərkəzi Asiya və Qərbi Balkan ölkələrindən – Azərbaycan, Albaniya, Belarus, Moldova, Gürcüstan, Qazaxıstan, Ukrayna, Tacikistan, Özbəkistan, Ermənistan və Serbiyadan vətəndaş cəmiyyətinin və ictimai administrasiyanın 17 nümayəndəsi altı həftə ərzində Latviyada təlim keçəcəklər.

 

Azərbaycanı Xarici İşlər Nazirliyinin əməkdaşı Rövşən Mirzəyev və Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nigar Babayeva təmsil edirlər.

 

Proqram iştirakçıları nəzəri və praktiki biliklərə yiyələnməklə yanaşı, Latviyanın dövlət təsisatlarında olacaq, Brüssel və Lüksemburqa maarifləndirici səfərdə iştirak edəcəklər.

 

Tədris proqramı qismən Latviya büdcəsinin inkişaf məqsədi ilə əməkdaşlıq siyasəti çərçivəsində tədbirlər üçün nəzərdə tutulmuş vəsaitindən ödəniləcək. Bundan əlavə, Norveç, İsveç, Lüksemburq, Niderland, İsveçrə və ABŞ da proqramın reallaşmasına öz töhfələrini verəcəklər.

 

Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi, siyasi direktor Andris Pelşs yaz semestrinin açılış mərasimində deyib: “Hesab edirik ki, yeni liderlərin təhsilinin dəstəklənməsi və Latviyanın islahatlar təcrübəsinin ötürülməsi tərəfdaşlarımızın inkişafı üçün bizim verə biləcəyimiz ən yaxşı töhfələrdən biridir. Şadam ki, iştirakçılar tədris zamanı praktiki və nəzəri biliklər əldə etməklə bərabər, yeni əlaqələr qurur və bununla da regional əməkdaşlığın inkişafına kömək edirlər”.

 

AZƏRTAC

Oxunub: 104 | Tarix: 23-05-2017, 03:36 | Bölmə: Xəbərlər