Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Saymon Kleq: “Avropanın bir sıra məşhurlarının “Bakı-2015 “i izləyəcəyi gözlənilir ” – MÜSAHİBƏ

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin apasport.az saytına müsahibəsi

– 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları nəinki qitənin, bütün dünyanın diqqət mərkəzindədir. Yarışa hazırlıq işləri necə gedir və idman obyektlərinin fevralın 1-dək təhvil verilməsində hansısa problem olmayacaq ki?

 

– Bəzi obyektlər artıq tam hazırdı. Tikintisi davam edən digər bütün obyektlərin gələn ilin iyununda keçiriləcək Avropa Oyunlarına qədər hazır olması üçün iş sürətlə davam edir. Atletlər kəndi ilə Milli Gimnastika Arenasında hər şey yekunlaşıb. Bu ilin iyununda bədii gimnastika üzrə Avropa çempionatı məhz həmin arenada yüksək səviyyədə təşkil olunub. Biz bu il mayın sonunda Tofiq Bəhramov adına Respublika stadionda Gənclərin Avropa Olimpiya Sınaq Yarışlarını keçirdik. Bu tədbirlər bizə Oyunlardan düz bir il əvvəl əməliyyatlarımızı sınaqdan keçirmək imkanı verdi.

 

– Komandaların Avropa Oyunlarına sifariş ərizələri nə vaxtdan başlayacaq? Yarışa qatılacaq 6 min iştirakçıdan neçə idmançının lisenziya qazandığı bilinirmi?

 

– Mövcud olan yer kvotasının 52 faizə yaxını artıq I Avropa Oyunlarında yarışmaq üçün idmançıları seçəcək Avropa Milli Olimpiya Komitələrinə ayrılıb.

 

– Azərbaycan millisinin Avropa Oyunlarında 20 idman növünün hamısında təmsil olunacağı bəllidi. Bəs ölkəmiz adından 253 dəst medal uğrunda neçə idmançının mübarizə aparacağı dəqiqləşibmi?

 

– Əksər idman növlərində Milli Olimpiya Komitələri üçün kvota yerlər ayrılıb və idmançıların seçilməsi onların öz öhdəsinə buraxılıb. Milli Olimpiya Komitələrinə “Bakı-2015”də yarışacaq idmançıların namizədliyini irəli sürmək üçün verilən müddət mayın 1-də başa çatacaq. Bu, Azərbaycan idmançılarına da aiddi.

 

– Bakı-2015-in mükafatları hazırdımı? Əgər hazırdırsa, medalların çəkisi nə qədərdi, üzərində hansı təsvirlər var?

 

– Hazırda “Bakı-2015″in medalları tərtibat və istehsal mərhələsindədi. Medallar 2015-ci ilin əvvəlində ictimaiyyətə təqdim ediləcək.

 

– İdmançıların Olimpiya kəndinə gedib-gəlməsi üçün artıq hansısa nəqliyyat şirkəti ilə razılıq əldə olunubmu?

 

– İdmançıların Atletlər kəndinə və hər hansı yarış obyektinə getməsi üçün nəqliyyat vasitəsi ilə təmin edilməsi Nəqliyyat Nazirliyi ilə birlikdə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin öhdəsindədir.

 

– Yarışlar zamanı Bakıda ictimai nəqliyyatın qrafikində dəyişiklik nəzərdə tutulubmu?

 

– Bəli, Oyunlar zamanı bütün nəqliyyat dəyişdirmə nöqtələrinin və yarış obyektlərinin əlaqələndirilməsi üçün ictimai nəqliyyat cədvəlinə bəzi dəyişikliklərin ediləcəyi gözlənilir. Oyunlar yaxınlaşdıqca bütün məlumatlar ictimaiyyətə təqdim ediləcək.

 

– Həmin vaxt Bakıya müxtəlif ölkələrdən xeyli turistin gələcəyi gözlənilir. Necə fikirləşirsiniz, qonaqların paytaxtımızda məskunlaşması üçün otel baxımından problem yaranmayacaq ki?

 

– Belə bir problemin olmayacağına tam əminik. Bakıya gələcək bütün turistlər üçün kifayət qədər otel olacaq.

 

– Azərbaycan indiyədək bir sıra mötəbər yarışlara ev sahibliyi edib. Ölkəmizə gələn qonaqlar da Azərbaycanın tarixi yerləri ilə yaxından tanış olublar. Bakı-2015-in iştirakçıları üçün hansı ekskursiyalar həyata keçiriləcək?

 

– Bəli, açılış və bağlanış mərasimləri ənənəvi Azərbaycan mədəniyyətini, eləcə də yarışa qatılacaq bütün idmançıları tərənnüm edəcək. Həmçinin, Bakının müasir Avropadakı yerini əks etdirəcək. Bu yaxınlarda Afina-2004 Olimpiya Oyunlarının açılış mərasiminə rəhbərlik etmiş Dimitris Papaioannou Avropa Oyunlarının açılış mərasiminin bədii direktoru, ABŞ-ın “FiveCurrents” şirkəti isə açılış və bağlanış mərasimlərinin təşkilatçısı təyin edilib.

 

– Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində hansı məşhurların ifası nəzərdə tutulub. Ümumiyyətlə, ölkəmizə qonaq qismində gələcək ali qonaqların siyahısı məlumdurmu?

 

– Avropanın bir sıra məşhur insanlarının gələn yay Azərbaycanda keçiriləcək yarışdan zövq almaq üçün Bakı-2015-də iştirak edəcəyi gözlənilir.

 

– Yarışda təhlükəsizlik tədbirləri necə həyata keçiriləcək və bunun üçün nə qədər insan cəlb olunacaq?

 

– İdmançıların, komanda rəsmilərinin, işçi qüvvəsinin və tamaşaçıların Avropa Oyunlarındakı təhlükəsizliyi Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsində hər kəs üçün son dərəcə vacibdi. Polis və təhlükəsizlik əməkdaşlarının sayını dəqiq deyə bilməsək də, Bakı-2015-in Əməliyyat Komitəsinin təhlükəsizlik komandasının Oyunlara cəlb olunmuş hər kəsin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycanın təhlükəsizlik xidmətləri ilə sıx əməkdaşlıq edəcəyini qeyd edə bilərik.

 

– Ermənistan millisinin təhlükəsizliyinə zəmanət verilib. İşğalçı ölkə yığmasının qalacağı məkan və onları mühafizə edəcək dəstə müəyyənləşibmi?

 

– Azərbaycan gənclər və idman naziri, Avropa Oyunlarının baş icraçı direktoruAzad Rəhimov bir sıra tədbirlərdə bəyan edib ki, Bakı-2015-in Təşkilat Komitəsi ölkəmizə gələcək bütün erməni idmançıların və rəsmilərin təhlükəsizliyinə tam təminat verir.

 

– Bəs indiyədək yarışdan öncə Azərbaycana gəlib, burada təlim-məşq toplanışı keçmək, Avropa Oyunlarının keçiriləcəyi obyektlərlə tanış olmaq üçün müraciətlər varmı?

 

– Hələlik Milli Olimpiya Komitələri Avropa Oyunları zamanı istifadə ediləcək yarış obyektlərində məşq üçün Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinə müraciət etməyiblər. Lakin qeyd edilməlidir ki, bir sıra idmançılar Oyunlar üçün nəzərdə tutulan kanoe sprinti, gimnastika və voleybol kimi idman növlərinin keçiriləcəyi obyektlərdə yarışmaq imkanı əldə edəcəklər.

 

– 2015-ci ilə sayılı günlər qalır. Bu isə o deməkdir ki, təxminən 6 ay sonra hamının gözü Azərbaycanda olacaq. Ölkəmizə gələcək komandalara və rəsmi qonaqlara təşkilatçı ölkə kimi nə demək istərdiz?

 

– Hər zaman yadda saxlamaq lazımdır ki, Oyunların planlaşdırılmasında bizim üçün ən əsası idmançıların və komanda rəsmilərinin keçəcəyi təcrübədi. Biz əminik ki, öz idman növlərində ilk Avropa Oyunları çempionu olmaq üçün yarışacaq bütün idmançıları dünya səviyyəli yaşayış yeri və idman obyektləri ilə təmin edə biləcəyik. 

/apa/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO